Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsində dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Nəzarət tədbirləri idarənin tabeliyindəki 103 ümumi, altı məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edib.
Açıqlamaya görə, bəzi təhsil müəssisələrində dərnək və dərsdənkənar məşğələlərin təşkilində, dərslərin əvəzolunması ilə bağlı əməkhaqqının ödənilməsində, ştatların müəyyən olunmuş normalara uyğun saxlanılmasında, eləcə də qida təchizatında nöqsanlar aşkar edilib: "205 təhsil müəssisəsində son üç il üzrə aparılmış nəzarət tədbirləri ilə aşkar olunan nöqsan və çatışmazlıqlara əsasən müəyyənləşdirilmiş 594.6 min manat vəsait cavabdeh şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib. İnzibati xəta törətmiş 26 vəzifəli şəxs isə inzibati məsuliyyətə cəlb edilərək cərimə olunub".
Habelə bildirilir ki, nöqsanlara yol vermiş 134 vəzifəli şəxsə əmək qanunvericiliyinə uyğun olaraq intizam tənbehi (şiddətli töhmət, töhmət, xəbərdarlıq) verilib, altı rəhbər şəxslə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur: "Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə aparılan nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntuları və digər nöqsanlara görə 33 təhsil müəssisəsinin rəhbəri tutduğu vəzifədən azad olunub".
Rəhbərləri çıxarılan təhsil müəssisələrinin adı çəkilmir. Yoxlamanın nəticələrinə Abşeron-Xızı Regional Təhsil İdarəsi və işdən çıxarılan şəxslərin münasibəti, hələlik, bəlli deyil.
Dövlət Maliyyə Nəzarəti Xidməti bildirir ki, ölkənin digər Regional Təhsil İdarələrində də bənzər halların araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.
Azərbaycanda 4 mindən çox orta məktəb, 150 civarında dövlət məktəbdənkənar, min 670-ə yaxın isə məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Azərbaycanda hər üç uşaqdan yalnız biri məktəbəqədər təhsil alır.